Heyvanlardakı qavrama sistemləri

Bütün canlılar ətraflarında olub bitənlərdən xəbərdar olmaq məcburiyyətindədirlər. Əks təqdirdə qida tapa bilməz, təhlükələrdən qoruna bilməz və yoldaşlarını seçə bilməzlər. Dolayısilə hər canlının yaşamaq üçün, cisimləri ayırd etməyini və lazımi reaksiyalar verməyini təmin edəcək sistemlərə ehtiyacı var.


Hər canlı növündə, xarici aləmdəki cismin nə olduğunu xəbər verən və canlının hərəkətlərini istiqamətləndirən özünəməxsus xüsusi sistemlər var. Yarasalardan qorunması lazım olan bir güvə növünün reseptorları yarasalara qarşı həssasdır, eynilə qızılbalıqların minlərlə kilometr üzmələrini təmin edən qavrama sistemləri də, tamamilə bu iş üçün uyğundur. Balinalar bir-birlərinin çıxardıqları səsləri qəbul edərək anlaşırlar. Yarasalar da müxtəlif tezliklərdə ötürdükləri səslərin geri qayıtması əsnasında ortaya çıxan məlumatları anlayar və bunları qiymətləndirərək qaranlıqda heç bir yerə dəymədən uçmağı və ovlamağı bacararlar.


İstiqamət təyinetmə sistemləri, infraqırmızı şüaları qəbuledən gözlər və xüsusi duyğu sistemləri canlılardakı qavrama sistemlərindən sadəcə bir neçəsidir. Bu fəsildə veriləcək nümunələrdə də göründüyü kimi, bu sistemlərdəki ortaq xüsusiyyət, qavrama əməliyyatını təmin edən bütün hissələrin canlının yaşaması üçün zəruri olan digər orqanlarla əlaqədə olub bütünlük təşkil etməsidir. Məsələn, burundakı iybilmə reseptorları (qəbulediciləri) beyindəki iybilmə mərkəzi ilə uyğunluq təşkil edir. Bu uyğunlaşma sayəsində qəbul edilən qoxu hər canlı üçün fərqli məna kəsb edə bilər, məsələn, bir canlı öz növünün əks cinsini yalnız bu qoxusuyla ayırd edə bilər. Yenə bir canlının gözündəki reseptorlarla, yəni işığa həssas nahiyələrlə, beyinindəki görmə mərkəzi uyğunluq təşkil edir. Məsələn, ilanların gözləri, istilik dalğalarının gözlərinə düşməsi nəticəsində fəaliyyətə keçən qəbuledici nahiyələrə malikdir. Sinir hüceyrələri isə təsviri beyinə olduğu kimi daşıyar. İlanın beyni də bu siqnalların istilik dalğaları olduğunu qavrayar.


Təsadüfən ortaya çıxması qətiyyən mümkün olmayan bu kimi dizayn nümunələri, canlıları Allahın yaratdığını sübut edən dəlillərdəndir. Allahın ucalığını və elminin sonsuzluğunu qavramaq üçün, bu kimi nümunələr üzərində düşünmək əhəmiyyətli vəsilədir. Qızılbalıqlar da məhz bu yaradılış dəlillərindən biridir.

 


Qızılbalıqların təəccüb oyandıran istiqamət təyinetmə sistemləri

Şimali Amerikanın qərbindən axan çaylarda dünyanın ən qəribə köçərilərdən biri yaşayır. Bunlar, müxtəlif çətinliklərə sinə gərərək çaylar və vadiləri aşıb keçən qızılbalıqlardır.
Qızılbalıqların həyatı, bir çayın və ya dərənin yuxarı hissəsində buraxılan, mayalanan və üstləri çınqıl daşlarıyla (bəzən də qumla) örtülən yumurtalarla başlayır.


Qızılbalıqlar yumurtalarını çox vaxt yayın sonu və ya payızda, su axarlarına buraxarlar. Kürt dövrü bitdikdən sonra, ümumiyyətlə qışın sonunda yumurtalardan kiçik balalar çıxar. Balaların qarınlarının alt hissəsində inkişafları üçün ilk mərhələdə lazım olan qidanı daşıyan, yumurta sarısı bir kəsə var. Balalar dünyaya yeni gəldiklərində çınqıl daşlarının altında gizlənər və yumurta sarısı kisələrindəki qidanı tamamilə qurtarana qədər yırtıcı heyvanlardan qorunarlar.


Bir neçə həftə sonra qızılbalıqlar, su axarının içində özlərinə yemək axtaracaq qədər böyüyərlər. Təxminən 1 il ərzində su axarının içində yaşayarlar və bu müddətdə getdikcə böyüyərlər.


Qızılbalıqlar həm şirin, həm də duzlu suda yaşaya bilən quruluşda yaradılıblar. Bu yaradılışın məqsədi isə, balığın edəcəyi möcüzəvi səfərdə gizlənmişdir.


Yaz gələndə minlərlə qızılbalıq çay yatağı boyunca köç etməyə başlayarlar.
Balaların köç etməyə başlamaları növlərə görə fərqlənir. Məsələn, çəhrayı rəngli qızılbalıq balaları yumurtadan çıxan kimi dənizə doğru köç etməyə başlayar. Bəzi növlər; məsələn, Sakit okean qızılbalıqları bir neçə həftə bəsləndikdən sonra, Kral və Atlantik qızılbalığı isə su axarlarında 1 ilə 3 il arasında tərəddüd edən inkişaf müddətlərini tamamladıqdan sonra dənizlərə köç edərlər.


Gənc qızılbalıqlar ilk olaraq yaşadıqları çayın axını boyu köç edərlər. Dənizə doğru etdikləri səfərdə çağlayanlar, çirkli sular və özlərini ovlamaq istəyən böyük balıqlar kimi, müxtəlif təhlükələrlə üz-üzə gələrlər. Bunlardan xilas olub dənizə çatanlar ilk köçlərini başa vurarlar. Qızılbalıqlar həftələrlə davam edəcək bu səfərlərinin sonunda hədəflərinə, yəni Sakit okeana çatarlar. Dənizlərdə bir neçə il yaşadıqdan sonra yaxşıca inkişaf edib nəsil vermə yetkinliyinə çatanlar isə, heyrət verən yeni bir köçə başlayacaqlar.


Çaydan aşağıya, okeana doğru üzərkən qızılbalıqlarında bəzi fizioloji dəyişikliklər meydana gələr. Burada balıqlar əvvəllər şirin suda yaşayan canlılar olduqları halda, indi duzlu okean sularına uyğunlaşarlar. Bu əməliyyat yumurtlamaq üçün çaya qayıtdıqları vaxt, yenidən dəyişər. Çayın mənsəbində duzlu suya alışmaq üçün bir müddət yaşadıqdan sonra, yetkin balıq olaraq vaxtlarının böyük hissəsini keçirəcəkləri okeana doğru hərəkət edərlər.

 

  • Qızılbalığın çətin səfəri başlayır

Qızılbalıqlar illərlə əvvəl dənizə çatmaq üçün keçdikləri çay yatağından, indi tam əks istiqamətdə, yəni axına qarşı üzməklə mənbəyə doğru irəliləyərlər. Qarşılaşdıqları heç bir maneə onları bu səfərlərindən döndərməz. Çağlayanlarla qarşılaşdıqlarında suyun içindən yuxarı tullanaraq yollarına davam edərlər. 3 metrlik maneələri belə tullanaraq keçə bilərlər.
Qızılbalığın qayıdış səfərindəki hədəf, yumurtadan çıxdığı yerə çatmaqdır. Çünki qızılbalıqlar yumurtlamaq üçün doğulduqları çay yatağına gedərlər. Atlantik qızılbalığı həmin bu köç prosesini hər il təkrarladığı halda, digər növlər ömürləri boyu yalnız bir dəfə köç edərlər. Burada qısaca yekunlaşdırdığımız bu çətin səfərdə olduqca çətin maneələr var.


Bunlardan ilki, balığın qət etmək üçün lazım olan məsafənin uzunluğudur. Açıq dənizlərdə irəliləyən qızılbalıqlar məqsədlərinə çatmaları üçün, minlərlə kilometr üzməlidirlər. Məsələn, Atlantik qızılbalıqlarının böyük hissəsi təxminən 4000 kilometrlik məsafə qət edərlər.(20) Sakit okean qızılbalığı payızdakı yumurtlama dövründə, 3 200 kilometrdən çox üzər. Qırmızı bir qızılbalıq da 1600 kilometrdən daha çox yol qət edər.


Okeana çatar-çatmaz qızılbalıqların bədən strukturları dəyişər və duzlu suda yaşayacaq hala gələrlər. Sonrakı 1 və ya 4 illik müddət ərzində, okeanda nəhəng məsafələr qət edəcəklər. Amerika sahillərindən çıxıb Alyaska yarımadasının yanından keçərlər və Yaponiyaya doğru böyük xəyali bir yay cızıb geri qayıdarlar. Səfər nəticəsində qızılbalıqlar yetkinləşmiş və həyatlarının ən son və çətin səfərinə hazır hala gəlmişdirlər. Evlərinə, yəni doğulduqları su axarına geri qayıdacaqlar.


Diqqətçəkən digər bir nöqtə isə, qızılbalıqların ideal vaxtda hərəkətə keçmələridir. Qızılbalıqlar uzun səfərlərinin vaxtını, tam yumurtlama dövrlərinə düşəcək şəkildə planlaşdırarlar. Nümunə olaraq Atlantik qızılbalığını verə bilərik. Bu növ, orta hesabla gündə 6-7 kilometr üzərək gedəcəyi yerə çatar; yayın sonunda başladığı köçünü payız aylarının sonuna yaxın tamamlayar.

 

  • Qızılbalıqların həll etməli olduqları problemlər

Qızılbalıqların həll etməli olduqları ilk mühüm problem, gənclik dövründəki səfərində içində hərəkət etdiyi su axarının qurtaracağını tapmaqdır. Çünki qayıtdıqda gedəcəyi yolu bunun əsasında müəyyənləşdirəcək. Qızılbalıqlar bu məsələdə heç bir səhvə yol verməzlər. Bir vaxtlar dənizə daxil olduqları çayın mənsəbini keçirdikləri ilk sınaqda asanlıqla müəyyənləşdirərlər.
Su axarına daxil olan qızılbalıq, böyük qətiyyətlə axına qarşı üzməyə başlayır. Bundan sonraki işi ilk səfəri ilə müqayisədə olduqca çətindir.


Qızılbalıq hədəfinə çatmaq üçün, əvvəlcə çayın güclü axınınına qarşı mübarizə aparar. Bəzən su səthindən təxminən 3 metr yüksəkliyə qədər tullana-tullana şəlalə və çağlayanları aşar. Bəzən də, üst üzgəcinin sudan kənarda qalmasına səbəb olacaq qədər dayaz sulardan keçər. Üstəlik, bu dayaz sularda, özünü ovlamaq üçün gözləyən quşlar, ayılar kimi yırtıcı heyvanların təhditləri ilə qarşılaşar.
Qızılbalıqların səfərlərindəki mükəmməlliyin tam anlaşılması üçün, çay boyunca hərəkət edən bir qızılbalığın hədəfə çatana qədər nələrə diqqət yetirməli olduğunu düşünək:


Əvvəlcə bu qızılbalıq gedəcəyi yolu müəyyənləşdirərkən bəzi əhəmiyyətli qərarlar verməlidir. Balıq qurunun xeyli daxili hissəsində, bir çayın hər hansı bir qolunda dünyaya gəlmişdir. Çaylar da, bəzən müxtəlif qollardan ibarət olur. Dolayısilə bu qızılbalıq gəldiyi yerə yenidən çata bilmək üçün, hər qol ayrıcında doğru istiqamətə yönəlməlidir. Necə ki, qızılbalıqlar həyatlarında yalnız bir dəfə keçdikləri yolları azmadan taparlar; hər dəfə özlərini doğulduqları yerə aparacaq çayın qoluna daxil olarlar.


Qızılbalıqların səfərlərində xeyli təəccüb oyandıran incə bir məqam var. Balıq, səfəri ərzində çox böyük səy göstərir və həddindən artıq güc sərf edər, lakin buna baxmayaraq, hər hansı qida qəbul etməz. Çünki yorucu köçü əsnasında özünə lazım olacaq enerjini əvvəlcədən tədarük etmişdir. Üstəlik, nə qədər enerji tədarük edəcəyini doğru hesablamış və yanacaq miqdarını tam şəkildə tənzimləmişdir.
Qızılbalıqların köçlərini tədqiq edərkən bütün bunlarla yanaşı, dəniz və su axarlarının duzluluq dərəcəsi, suyun temperaturu kimi xüsusiyyətlər də nəzərə alınmalıdır. Bu nöqtədə qarşılaşdığımız həqiqət budur: Qızılbalıqlar həm dəniz, həm də su axarlarında mükəmməl uyğunlaşacaq təchizata sahibdirlər.


Bütün çətinliklərə baxmayaraq, qızılbalıqlar bu çətin səfərlərini müvəffəqiyyətlə tamamlayar; doğulduqları yerə qayıdaraq yumurtalarını buraxarlar. Qızılbalıq nəsli də milyonlarla ildir ki, davam edən bu böyük səfərlərinə davam edər.


Qızılbalıqların nə qədər böyük müvəffəqiyyət qazandıqları aparılacaq müqayisələr nəticəsində daha yaxşı aydın ola bilər. Məsələn, bir insanın yardım almadan və istiqamət göstərən bir vasitədən istifadə etmədən minlərlə kilometrlik məsafədən doğulduğu evə getməli olduğunu düşünək. Bunu müəyyən zaman müddətində, yalnız bir dəfə keçdiyi kələ-kötür yollardan düzgün şəkildə keçərək bacarma ehtimalı olduqca azdır. Ancaq qızılbalıqlar, insanların bacarma ehtimalı olmayan bu işi, doğulan kimi bacarmaq qabiliyyətinə sahibdirlər. Ancaq bu qabiliyyətin qızılbalıqların öz səyi nəticəsində meydana gələ bilməyəcəyi və ya təsadüflərin bu balıq növünə insandan daha üstün qabiliyyətlər verə bilməyəcəyi çox aydındır.


Bu canlılar Allahın bədənlərində yaratdığı xüsusi dizayn sayəsində minlərlə kilometrlik yolu asanlıqla qət edirlər. Düşünən hər insan qızılbalıqların bacardıqları işin möcüzəvi tərəfini dərhal görəcək və bunu üstün bir gücün yol göstərməsi, yəni ilhamı sayəsində reallaşdırdıqlarını dərhal anlayacaq.
Allah yaratdığı canlılarda insanlar üçün ibrət olduğunu bir ayədə belə bildirir:

 

Əlbəttə ki, sizin üçün heyvanlarda da ibrət var... (Nəhl surəsi, 66)

 

  • Qoxu qəbul etmə mexanizmi

Qızılbalıqların səfərləri, təbiətdəki ən təəccüblü hadisələrdən biridir. Minlərlə qızılbalıq, illərlə dənizdə yaşadıqdan sonra, doğulduqları su axarı yatağını necə tapırlar? Bunun üçün, əvvəlcə nəhəng Sakit okeana tökülən minlərlə su axarı yatağından özlərinkini tapmalı, sonra da bu su axarı boyu yollarını qətiyyən azmadan üzməli, su axarının öz daxilində dəfələrlə qollara ayrılmasına baxmayaraq, hər qol ayrıcında doğru qərarı verib doğru istiqamətə getməlidirlər.


Milyonlarla ildir ki, yaşayan bütün qızılbalıqlar, edilməsi olduqca çətin olan bu işi eyni məharətlə bacarırlar. Bəs necə və niyə?
Əvvəlcə "necə" sualının cavabını öyrənək.


Tədqiqatlar, qızılbalıqların bu səfəri yerinə yetirmələri üçün, xüsusi duyğu sistemiylə yaradıldıqlarını göstərir. Qızılbalıqlar okeanda istiqamətlərini tapmaq üçün, dünyanın maqnit sahəsini hiss edən təbii kompasla yaradılıblar. Bu sayədə Sakit okeanın nəhəng su kütləsi içində istiqamətlərini heç bir səhvliyə yol vermədən tapırlar.


Ancaq əsil məsələ, qızılbalıqların öz doğulduqları su axarı yatağını necə tapdıqları sualıdır. Bu müvəffəqiyyət, təbii kompasdan olduqca fərqli sistem tələb edir.


Qızılbalıqların bu fövqəladə səfəri necə reallaşdırdığını anlamaq məqsədiylə Amerikadakı Viskonsin gölü laboratoriyalarında (Wisconsin Lake labs) müxtəlif araşdırmalar aparılmışdır. Bu araşdırmalar nəticəsində qızılbalıqların gedəcəkləri istiqaməti təyin edərkən iybilmə duyğularından da istifadə etdikləri ortaya çıxmışdır.


Qızılbalıqların burunları iki dəlikdən ibarətdir. Su bir dəlikdən girər, o biri dəlikdən çıxar. Bu dəliklər balığın nəfəs almasıyla eyni vaxtda açılıb-bağlanacaq şəkildə dizayn olunmuşdur. Burunlarına, tərkibində hər hansı qoxulu maddə olan su girdikdə, burunlarındakı reseptorlara kimyəvi xəbərdarlıq verilir. Bu kimyəvi xəbərdarlıq bir fermentin reaksiyaya daxil olması nəticəsində elektrik siqnallarına çevrilir və mərkəzi sinir sisteminə ötürülür. Balıq bu sayədə qoxunu hiss edir.


Qızılbalıqların iybilmə mexanizmlərini quruda yaşayan canlılarla müqayisə edək:
Quruda yaşayan onurğalı bir canlıda, qoxu molekullarının burundakı selikli təbəqədə həll olaraq qoxu qəbulu baş verir. Lakin balıqlarda həll olma kimi mərhələdən söz gedə bilməz. Çünki qoxu onsuz da suyun içində və həll olmuş vəziyyətdədir. Bu, qızılbalıqlar üçün böyük üstünlükdür. Məhz bu sayədə qızılbalıqlar, iybilmə hissi güclü inkişaf etmiş ov itləri kimi qoxunu təqib edib, gəldiyi yeri tapa bilirlər.
Visconsin Lake laboratoriyalarında ilk olaraq, balıqların müxtəlif qoxular arasındakı fərqləri nə dərəcədə hiss edə bildikləri sualına cavab axtarılmışdır. Bu məqsədlə xüsusi kanallara malik bir akvarium hazırlanmış və hər kanala şpris vasitəsilə fərqli bir bitkinin qoxusu vurulmuşdur. Təcrübədə, yalnız müəyyən kanalı istifadə edən balıqlar mükafatlandırılmış, digər kanalları istifadə edən balıqlar isə elektrik şokuyla cəzalandırılmışdır. Əməliyyatlar 14 ayrı qoxudan istifadə edilərək təkrarlanmışdır. Təcrübə nəticəsində balıqların qısamüddətli öyrənmə prosesindən sonra, hər dəfə mükafatlı qoxunu digərlərindən qyırd edə bildikləri görülmüşdür. Digər bir əhəmiyyətli kəşf də, üzərində təcrübə aparılan bala balıqların 3 il sonra belə düzgün qoxunu səhvliyə yol vermdən tapmaları olmuşdur.


Elm adamları araşdırmanın nəticələrinə əsaslanaraq, balıqların insanla müqayisə edilə bilməyəcək qədər güclü iybilmə duyğusuna sahib olduqları qənaətinə və bu nəticəyə gəlmişdirlər:


Hər suyun özünəməxsus iyi var. Gənc qızılbalıq dənizə etdiyi ilk səfəri vaxtı, rast gəldiyi qoxuları tək-tək yaddaşına həkk edir. Qayıdış səfərində də yaddaşındakı qoxuların köməyi ilə doğulduğu yeri tapır.


"Hər axının özünəməxsus bir qoxusu vardırmı?" sualını cavablandırmaq üçün yuxarıdakı təcrübə iki ayrı çayın suyu ilə təkrarlanmışdır. Nəticədə balıqların bunları da ayırd edə bildikləri görülmüşdür.


Həqiqətən də yer üzündəki bütün su axarlarının özlərinə məxsus kimyəvi tərkibləri var. Bu tərkiblər arasındakı fərqlər əksərən o qədər azdır ki, heç bir canlı tərəfindən hiss edilməz. Qızılbalıqlar istisna olmaqla...


Mövzuyla əlaqədar araşdırmalar bir qədər genişləndirilərək balıqların təbii mühitlərində davam etdirilmişdir. Vaşinqtondakı İssaquah çayında, xüsusi olaraq burunları tıxanmış balıqlar müşahidə altına alınmışdır. Bu təcrübədə də iybilmə duyğularından məhrum buraxılan qızılbalıqların çaş-baş qaldıqları və yollarını tapa bilmədikləri görülmüşdür.


Bu günə qədər aparılan araşdırmaların nəticələri bir həqiqətə işarə edir: Qızılbalıqların iybilmə duyğusu insanı heyrətləndirəcək həssaslığa malikdir.

 

  • Qızılbalıqların qətiyyətləri

Qızılbalıqların istiqamət tapma qabiliyyətlərini göstərən ən maraqlı hadisələrdən biri də, Şimali Kaliforniyadakı Preri Krik (Prairie Creek) Balıq Yetişdirmə Təsərrüfatında yaşandı. Bu təsərrüfatda edilən bir kəşf, möhtəşəm bir köç macərasını ortaya çıxardı:
1964-ci il 2 dekabrda, təsərrüfatın balıq artırma hovuzlarından birində, digər yüzlərlə bala balığın arasında üzən iki yaşına çatmış, bir qədər böyük qızılbalıq tapıldı. Balıq yaxından araşdırıldığı vaxt, arxa üzgəcində, Preri Krik Balıq Yetişdirmə Təsərrüfatının xüsusi metal qısqacı olduğu görülürdü. Bu, bu balığın bundan iki il əvvəl bu təsərrüfatda yetişdirilən sonra da okeana buraxılan qızılbalıqlardan biri olduğunu göstərirdi. Amma balıq okeandan geri qayıdaraq təsərrüfatın qapalı hovuzuna necə girmiş ola bilərdi?


Bu mövzuda fikir verən incə bir xüsus vardı: Hovuzun artıq sularının boşalması üçün istifadə olunan kanala açılan və metal barmaqlıqla bağlanmış qutunun qapağı qırıqdı: Görəsən balıq doğulduğu yerə geri qayıtmaq üçün, təsərrüfatın su kanallarına daxil olmuş və sonra da bu qutunun qapağını qırıb hovuzamı çatmışdı?


Hadisənin yeganə izahı bu idi. Amma balığın okeandan bu hovuza qədər qət etməli olduğu yol nəzərə alındıqda, bu olduqca çətin kimi görünürdü.


Qızılbalığın doğulduğu təsərrüfata qayıda bilməsi üçün, səfərinə bu nöqtədən, yəni Redvud Krik (Redwood Creek) çayının okeana töküldüyü yerdən başlamalı idi. Balıq daha sonra axına qarşı 5 kilometr üzməli və ilk yol ayrıcına gəlməli idi. Bu yol ayrıcında doğru qərar verib şimala yönəlməli, ancaq bir müddət sonra daha qəliz yol ayrıcına gəlib çatmalı idi. Çünki bu yol ayrıcında qızılbalıq üçün bir-birinə çox bənzər iki əlamət vardı. Qızılbalığın dünyaya gəldiyi balıq təsərrüfatı, həmin bu yol ayrıcının tam ortasında yerləşirdi. İlk ağla gələn seçim, qızılbalığın sağ tərəfə getməsiydi, çünki təsərrüfatın suları sağ tərəfdən axırdı.


Amma nədənsə balıq, sol tərəfi seçmiş və doğulduğu təsərrüfata arxa tərəfdən yaxınlaşmağa başlamışdı.
Bu təəccüblü qərarın səbəbi, bölgədən keçən avtomagistralda gizlənmişdir. Avtomagistralın altında, balıq yetişdirmə təsərrüfatındakı hovuzların artıq sularının buraxıldığı bir kanal yerləşirdi. Normalda bu kanaldan çox az su gələr və bunlar da çaya çata bilmədən meşə torpaqlarına hopardı. Amma həmin il çox yağış yağmışdı və kanalın suları çaya qədər çatırdı. Bu dayaz axın, qətiyyətlə evinə qayıtmaq istəyən qızılbalığa yol göstərmək üçün kifayət idi.


Qızılbalıq, tanıdığı qoxunu izləyərək çaydan çıxıb, su kanalı boyunca irəliləmiş olmalı idi. Bəzi yerlərdə yalnız 5-10 santimetr yüksəkliyində olan suda həm üzüb, həm də sürünərək kanalın içinə girməliydi. Sonra da tunel boyu qaranlığın içində hərəkət edərək avtomagistralı keçməli, həmçinin hündürdə yerləşən xüsusi su borularının içinə tullanmalı idi. Bütün bunları bacarıb qaranlıqların içində hədəfinə doğru hərəkət etsə belə, nəticədə yenə də çıxılmaz vəziyyətdə qalacaqdı. Balıq yetişdirmə təsərrüfatında bu taxta cığırın altında yerləşən, betondan hazırlanmış kanalın içində sıxışıb qalacaqdı.


Amma qızılbalıq doğulduğu yerə qayıtmaq üçün proqramlaşdırılmışdı. Bu kanalın içində yerləşən və hovuza bağlanan 12 santimetr diametrindəki bir borunun giriş hissəsini tapıb, bu boru boyunca hərəkət etdi və son bir maneə ilə daha qarşılaşdı: Borunun önünə yerləşdirilmiş metal barmaqlıq... Amma balıq bu maneəni də endirdiyi güclü baş zərbələriylə aşmışdı.
Məhz bu möhtəşəm səfərin sonunda, qızılbalıq 2 il əvvəl dünyaya gəldiyi kiçik hovuza gəlib çatdı.


Təsərrüfatdakı səlahiyyətli şəxslərin ağlına, gedilmiş bu yolu hesabladıqdan sonra bir fikir gəldi. Görəsən yuvaya qayıdan başqa qızılbalıqlar da vardımı? Bəlkə bir şey taparıq deyə taxta cığırın taxtalarını söküb altındakı kanala baxdılar və təəccübləndilər:
Kanalın içində, balıq yetişdirmə təsərrüfatının metal qısqaclarına sahib tam 70 ədəd qızılbalıq vardı.


Qızılbalıqların bu fövqəladə hekayəsi, bizə yaradılış haqqında əhəmiyyətli dəlillər təqdim edir. Balığın reallaşdırdığı səfər, hər mərhələsi diqqətlə hesablanmış bir çox sistem sayəsində baş tutmuşdur;


1) Balığa, doğulduqdan sonra dənizə getməsini, bunun üçün illərlə davam edən uzun səfər etməsini, sonra da doğulduğu çay yatağına geri qayıtmasını əmr edən bir "proqram"ın olması belə böyük möcüzədir. Bununla yanaşı, balıqda;
2) Bu programın tələbindən ötrü bədəninin şirin sudan duzlu suya adaptasiya olmasını təmin edən genetik məlumat,
3) Nəhəng okeanda heç yolunu azmadan yolunu tapmasını təmin edən təbii kompas sistemi,
4) Həmçinin doğulduğu su axarının qoxusunu tapmasını təmin edəcək olduqca həssas iybilmə sistemi vardır.


Bütün bunlar, qızılbalığın özü üçün müəyyənləşdirilmiş köç yolu üçün xüsusi olaraq yaradılmış bir canlı olduğunu açıq şəkildə göstərir.
Şübhəsiz ki, bu mükəmməl sistemlərin hər biri, təkamülçülərin irəli sürdüyü "təsadüf" iddiasını təklikdə yox etməyə kifayətdir. Qızılbalığın səfəri, "təsadüf" sözünü gülünc hala gətirən bir plan və dizayn möcüzəsidir.


Qızılbalığı bu mükəmməl xüsusiyyətlərlə birlikdə yaradan isə bütün canlıların Yaradıcısı və aləmlərin Rəbbi olan uca Allahdır.

 

  • Təkamülçülərin instinkt və təbii seleksiya yanlışlıqları

Qızılbalıqların köç səfəri və möhtəşəm istiqamət tapma mexanizmləri darvinizmi çıxılmaz vəziyyətə salan həqiqətlərdən biridir. Qızılbalıqların yollarını necə tapdıqları sualı verilsəydi; təkamülçülər buna "instinkt" cavabını verəcəkdilər.
İnstinkt; heyvanların ağıllı və şüurlu davranışları qarşısında əlacsız qalan təkamülçülərin arxasına sığındıqları sözdür. Ancaq instinktin mənası və mahiyyəti tam mənasıyla naməlumdur. İnstinktin mənbəyi, bu davranışların ilk olaraq necə ortaya çıxdığı kimi suallar cavabsızdır. Bu barədə təkamülçülər konkret və dəqiq cavab verə bilməzlər.


Təkamülçülərin "instinkt" olaraq xarakterizə etdikləri anlayışın qızılbalıqların yollarını tapmalarını təmin etməsi, əlbəttə ki, qeyri-mümkündür. İnstinkt, qızılbalıqlara keçəcəkləri hər çayın ayrı-ayrılıqda tərifini verməli, yol ayrıclarında yollarını azmadan tapmalarını təmin etməlidir. Belə bir düşüncənin məntiqsiz olduğu çox aydındır.


Qızılbalıqların davranışları təkamül nəzəriyyəsinin "təbii seleksiya" iddialarına da zərbə endirir. Təkamülün bu iddiasına görə təbiətdəki bütün canlılar eqoist həyat mübarizəsi aparırlar. Bu mübarizədə də yalnız güclü olanlar həyatda qalır.


Halbuki təbiətdəki canlıların fədakar və əməkdaş davranışları təkamülçülərin bu iddialarını da qəti şəkildə təkzib edir. Məsələn, qızılbalıqların davranışları nəzərə alındıqda təbii seleksiya iddiası mənasız qalır.


Qızılbalıqlar həyatları bahasına minlərlə kilometrlik çətin səfərə çıxmağa niyə təşəbbüs edirlər? Özlərinə heç bir mənfəət təmin etməsinə baxmayaraq, niyə belə köç edirlər? Niyə dənizlərdəki zəngin qida mənbələrini tərk edirlər? Niyə yumurtalarını həmin anda olduqları yerə, dənizə və ya su axarlarının başlanğıcı deyil, əksinə mütləq dənizdən minlərlə kilometr aralıdakı çay qollarına buraxırlar?
Təkamülçülərin iddiaları nəzərə alındıqda, qızılbalıqlar yalnız özlərini yaşadacaq davranışlar etməlidirlər. Ancaq qızılbalıqlar tam əksinə yumurtlamaq naminə öz həyatlarını təhlükəyə ataraq çətin bir səfərə çıxmağa çalışırlar. Aləmlərin Rəbbi olan Allah dünyadakı digər bütün canlılar kimi qızılbalıqlara da gedəcəkləri istiqaməti ilham edir.


Qızılbalıqlardakı istiqamət təyinetmə sistemlərini yaradan, çayları keçərək doğru hədəfə çatmalarını təmin edən, uca Allahdır.
Allah bir ayədə bütün canlıları nəzarət altında saxladığını belə bildirir:

 

Elə bir canlı yoxdur ki, Allah onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim ədalətlidir. (Hud surəsi, 56)

 

Qızılbalıqlar Allahın onlar üçün yaratdığı xüsusi sistemlərdən istifadə edir və digər bütün canlılar kimi Allahdan aldıqları ilhamla hərəkət edirlər. Bütün bunlar Allahın yaratmasındakı ehtişamı göstərən dəlillərdəndir. Qızılbalıqların həyatları Allahın yaratma sənətindəki gözəlliklərdən biridir. Canlılardakı bu kimi incəliklər və yer üzündəki müxtəliflik insanın düşünməsinə və Allaha yönəlməsinə səbəb olur.

Geri