Böcəklər arasındakı kimyəvi əlaqə: feromonlar

Qarışqalar yuvalarını, bal arıları da şanlarının yerini, çox uzaq məsafələr getsələr də, yollarını azmadan taparlar. Bəzi böcək sürfələri təhlükə anında dərhal bir yerə toplanaraq qorunarlar. Bir çox heyvanlar da yaşadıqları sahə üzərində bariz hakimiyyət sahibdirlər. Deyilənlərlə yanaşı, bütün böcək növlərində cütləşmək istəyən erkəklər və dişilər bir-birlərindən uzaqda olsalar belə, bir-birlərini asanlıqla tapırlar. Bu davranışlardakı ortaq nöqtə; bütün bunların bir növ ünsiyyət sayəsində baş verməsidir.


Bir çox canlı növü bir-biriylə ünsiyyət yaratmaq üçün, bir cür işarədən istifadə edir. Böcəklərin istifadə etdiyi bu işarənin adı “feromon”dur. Feromon sözü “hormon daşıyıcıları” mənasını verir və eyni növün nümayəndələri arasında istifadə edilən kimyəvi maddələrdir. Ümumiyyətlə xüsusi vəzlər tərəfindən ifraz edilərək ətraf mühitə yayılarlar. Böcəklərin davranışlarının dəyişməsinə səbəb olarlar.


Feromonlar, əvvəllər hormonlarla ekvivalent hesab edilmişdir. Hormonlar kimi az miqdarda ifraz olunmalarına və müəyyən həyati funksiya yerinə yetirmələrinə görə, bədəndən kənara ifraz olunmaları onları hormonlardan fərqləndirir. Feromonlar əsasən növə görə fərqlənir. Çox müxtəlif funksiyalar yerinə yetirən və müxtəlif tərkibli olan feromonlar da var. Yayılma qabiliyyətləri olduqca yüksək olan feromonlar, 7-8 km kimi xeyli uzaq məsafədə belə öz təsirlərini göstərə bilirlər. Uzaqlıq, istilik, külək və rütubət kimi amillər də feromonların təsir gücünü azaldıb çoxalda bilər.


Feromonlardan, iz buraxma-işarələmə, siqnal verilməsi, toplanma, birlikdə yaşayan böcəklərdə kraliça yetişdirilməsi və ya cinsi yetkinliyə nəzarət kimi fəaliyyətlərdə istifadə olunar. Həmçinin qoxu yolu ilə də, öz təsirini göstərən cinsi feromonlar da var.
Feromondan istifadə edərək bir-biriylə ünsiyyət yaradan canlılar barədə veriləcək məlumatlar oxunarkən çox mühüm bir xüsus unudulmamalıdır. Hər canlı növü özünəməxsus feromon növündən istifadə edir ki, bu feromonların tərkibində olan kimyəvi maddələr bir-birindən fərqlənir. Həm bu maddəni ifraz edən, həm də ifraz olunan bu maddə ilə çatdırılmaq istənilən xəbərdarlığı qəbul edən canlı, bu formuldan xəbərdardır. Həmçinin sonrakı səhifələrdə görüləcəyi kimi, başqa feromon növlərinin formullarından xəbər tutan və bunları təqlid edən canlılar da var.

 

  • Feromonlarla ünsiyyət yaratma

Feromonları izləyərək ünsiyyət yaratma formasına daha çox arı, qarışqa, termit kimi birlikdə yaşayan böcəklərdə rast gəlinir. Böcəklərin hərəkət etdiyi bütün mühitlərdə, ağaclarda, budaqlarda, yarpaqlarda və meyvələrdə kimyəvi izlər buraxılar. Havada isə, uçan böcəklər tərəfindən izlər buraxılar və bunlar daim yenilənməlidir. Qoxu yolu ilə öz təsirini göstərən cinsi feromonlar bu qrupa daxildir.
Böcəklər kiçik olduqları, uçduqları və sürətli hərəkət etdiklərindən ötrü, çox geniş ərazilərə yayıla bilərlər. İlk baxışda bu xüsusiyyətlərinin, çoxalmalarına problem yaradacağı düşünülə bilər. Ancaq bu problem, feromonlar sayəsində aradan qalxmışdır.
Qoxu yolu ilə öz təsirini göstərən cinsi feromonlar erkək və dişi böcəklərin bir-birlərini tapmalarını təmin edər. Məsələn, Limantridae ailəsinə məxsus kəpənək növündə, dişinin vücudunun qurtaracağından havaya buraxdığı qoxunu erkək güclü antenaları vasitəsiylə hiss edər. Heç bir qoxu, erkəyin 8 kilometr kimi, xeyli uzaq məsafədən belə, hiss edə bildiyi bu cəlbedici qoxuya üstün gələ bilməz. Bu növün dişisi qanadsız olduğundan hərəkət edə bilməz. Erkək dişini, yalnız qoxusu vasitəsiylə tapar və onunla cütləşər.


Feromonlarla ünsiyyət yaratmaq məsələsində, təəccüb oyandıran digər bir nümunəyə də albalı milçəyinə (rhagoletis ceras) rast gələrik. Albalı milçəyi, yumurtalarını albalının üstünə qoyduqdan sonra, bədənindən ifraz etdiyi feromonu meyvəyə buraxaraq yumurtalarını qoruyar. Bu meyvəyə sonradan gələn ikinci bir milçək, feromonu görər və xəbərdarlığı başa düşər. Yumurtalarını qoymaq məqsədiylə, başqa bir albalı ağacı axtarmaq üçün dərhal uzaqlaşar.


Torbalı güvələrin (ing. bagworm moth) isə feromonları olmadan nəsillərini davam etdirməsi qeyri-mümkündür. Bu güvə növü düşmənlərindən qorunmaq məqsədiylə, sürfə fazasında olarkən, özü üçün bir cür kamuflyaj çantası (barama) əmələ gətirər. Sürfə bu işi görərkən üzərində yaşadığı bitkidən topladığı yarpaqlardan və şaxlardan da istifadə edər. Torbalı güvələr (ing. bagworm moth) ömür boyu baramalarında yaşayarlar. Belə ki, bəslənərkən belə baramalarından çıxmazlar. Xüsusilə də, dişilər yetkinləşsələr belə qanadları və ayaqları olmadığı üçün baramalarından çıxa bilməzlər.


Cütləşmə də bu baramanın içində, dişilərin ifraz etdiyi xüsusi bir feromon sayəsində reallaşar. Dişi cütləşməyə hazır olduqda baramasını yumşaldıb genişləndirən kimyəvi bir maddə ifraz edər. Bu maddə erkək güvənin baramanın içinə girməsini asanlaşdırar. Dişinin ifraz etdiyi cinsi feromonu görən erkək güvə, yumşalmış baramanın içində kiçik bir dəlik açar və heç görmədiyi dişiylə cütləşər. Sonra da, dişi baramanın içinə öz yumurtalarını qoyar. Dişi, erkəyin açdığı dəliyi bağlamaq üçün, bədənində başqa bir maddə sintez edər. Bu əməliyyatlardan qısa müddət sonra isə ölər. Tırtıllar yumurtalarından çıxdıqdan sonra baramanı yonub dəlik açaraq çölə çıxar və yeni baramalar əmələ gətirməklə, inkişaf etməyə davam edərlər.


Bu ana qədər verilən nümunələrdə çox açıq şəkildə görülən bir həqiqət var. Bu canlılar mükəmməl işlər görməyi bacarırlar. Öz növlərinə məxsus qoxunu dərhal tanıyır, hətta kilometrlərlə uzaqda belə olsalar, bu qoxunu hiss edə bilirlər. Bugünkü texnologiyalar vasitəsiylə bir insanın və ya bir maşının kilometrlərlə uzaqdakı qoxunu hiss etməsi qeyri-mümkündür. Buna baxmayaraq, 1-2 sm-lik böcəklər, bədənlərindəki xüsusi dizayn olunmuş reseptorlardan istifadə edərək qoxuları hiss edə bilərlər. Allah bu canlıları mükəmməl sistemlərlə birlikdə yaratmışdır. Bənzərsiz şəkildə yaradan Allah çox ucadır.


Olduqca aydın cizgiləriylə seçilən eurema daira növü, Floridanın ən məşhur kəpənəklərindən biridir. Erkəyin ön qanadlarının yuxarı hissəsinin kənarlarında qara cizgi var. Bu cizgi dişilərdə yoxdur. Erkək kəpənəklərdəki bu qara cizgi üzərində, qoxuları hiss edən pulcuqlar yerləşir. Bu pulcuqlar, dişini valeh edən və onu erkəyin olduğu yerə cəlbedən xüsusi ətir yayır.


Erkək İo güvəsinin başında tükə bənzər antenalar var. Güvə bu antenalar vasitəsiylə qoxuları mükəmməl şəkildə hiss edər və bu antenalar onun 1,5 kilometrdən daha uzaq məsafədən yoldaşının varlığından xəbərdar olmasını və yerini müəyyənləşdirməsini təmin edər.

 

  • Feromonların ümumi xüsusiyyətləri

Bəzi böcəklər cinsi hormonlarını günün müəyyən vaxtlarında sintez edərlər. Məsələn, sparganothis pilleriana kəpənəkləri, cinsi feromonlarını daim gündüzlər 13.00-18.00 radələrində yayarlar. Apis mellifera növü bal arılarında isə, dişilər bütün ömürləri boyu cinsi feromon ifraz edər. Bu arı növünün cütləşdikdən sonra ifraz etdiyi feromon, şanda qarışıqlığın çıxmasına səbəb olacaq yeni bir ana arının yetişməsinə mane olar.


Bir yerdə yaşayan böcəklərdə feromonlar qida alış-verişində də fayda verər. Həmçinin koloniyanın müdafiəsinə kömək edən feromonlar da var. Koloniya fərdləri bu feromonları sayəsində bir-birlərini tanıyar və bu qoxuya sahib olmayan digər canlıların koloniyaya daxil olmasına imkan verməzlər.


Məsələn, bal arıları (lat. halictidae növü) koloniyanın bütövlüyünü özlərinə məxsus bir feromon sayəsində qoruyarlar. Onlar yuvalarının girişindəki torpaq hissəyə və əsas yuvanın yuxarı hissələrinə xüsusi ifrazat yayarlar. Bu arı növünün ifrazatı "makrosiklik lakton (ing. macrocyclic lacton)" adlanan kimyəvi qarışıqdan ibarətdir. Koloniyadakı hər bir fərd özünəməxsus lakton qarışığına sahibdir və bu qarışıq həmin fərdin bir növ kimyəvi “barmaq izi”dir.


Koloniyadakı işçi arılar, yuvanın girişinə və yuxarıdakı tunel formalı boşluqlara bədənlərindən maye ifraz edərlər. Bu yolla koloniyadakı bütün fərdlərin lakton qarışıqları bir yerdə toplanar. Bu da girişə xüsusi və özünəməxsus yuva qoxusu verər. Bu mühüm əməliyyatdır, çünki bal arılarının (lat. halictidae növü) yaşadıqları ərazilərdə yüzlərlə yuva mövcud olar. Girişdəki bu qoxu, geri qayıdan işçilərin yüzlərlə yuva arasından öz yuvalarını tapmalarını təmin edər. Həmçinin şanı qoruyan gözətçi arılar da, yuva yoldaşlarını qayıtdıqlarında bu qoxu sayəsində tanıyarlar. Göründüyü kimi, bu kiçik arılar, insan burnunun kimyəvi analiz və qoxuları ayırd etmə potensialından olduqca üstün ayırd etmə qabiliyyətinə sahibdirlər.

 

  • Təqlid edilən feromonlar

Feromonlar barəsindəki ən təəccüblü xüsuslardan biri də, bəzi canlıların başqa canlıların istifadə etdikləri feromonları təqlid etməyi bacarmalarıdır. Məsələn, bəzi çiçəklər böcəklərin feromonlara qarşı həssaslığından faydalanır və onları bənzər maddələr ifraz edərək aldadırlar.


Bununla yanaşı feromonlar nəsli davam etdirmə xüsusiyyətinə də sahibdirlər. Mərkəzi Amerikada yaşayan "Florida kraliçası" adlı kəpənək növünün qanadlarının rəngi və naxışı başqa bir kəpənək növünün qanadlarının rəngi və naxışı ilə çox oxşardır. Bu iki növ, bəzən özlərinə yoldaş tapmağa çalışarkən bir-birlərinin rənglərinə aldansalar da, erkək öz növünə məxsus dişini qoxusundan tanıyar. Erkəyin, öz feromonunun qoxusunu almasını asanlaşdırmaq üçün dişi, qanadlarından yelpik kimi istifadə edərək, qoxunu erkəyə doğru istiqamətləndirər. Bu sayədə nəslinin davamı zəmanət altına alınar.

 

  • Toplanma vaxtı gəldikdə...

Toplanma feromonları böcəklərin istirahət vaxtlarında ifraz olunar və növün digər nümayəndələrini bir yerə toplayar. Arı, qarışqa və termit kimi böcəklərin bir yerdə yaşamasını təmin edən şey, məhz bu feromonlardır.
Qabıqqurdu böcəkləri də (lat. Ipidae və scolytidae növləri) qidalanmaq və yumurta qoymaq üçün əlverişli ağac gövdəsi tapdıqları vaxt, feromon ifraz edərək, koloniyanın digər fərdlərinin burada toplanmasını təmin edərlər.


Feromonların böcəklər üzərində nə qədər təsirli olduqlarını görmək üçün atəş qarışqalarını (lat. solenopsis) nümunə verək. Atəş qarışqaları koloniya fərdlərinin arxalarınca gəlmələri üçün iynələrini yerə sürtərək qoxu izi buraxarlar. Bu mövzuda ixtisaslaşmış Harvard Universitetindən E. O. Wilson bu qoxunun təsiri ilə əlaqədar belə demişdir:


"Qarışqanın iz buraxmaq üçün işlətdiyi 1 milliqramlıq feromon, bir koloniyaya dünyanı üç dəfə dolandıra bilər".


Feromonların bu mükəmməl təsiri barədə düşündükdə, onların bir yerdə yaşayan böcəklər üçün nə qədər əhəmiyyətli olduğu dərhal aydın olar. Xüsusilə də, təhlükə anlarında hər hansı ünsiyyət probleminin yaşanması ciddi problemlər yarada bilər. Bu anlarda ifraz edilən feromonlar, bütün koloniya fərdlərini həyəcan vəziyyətinə keçirəcək xüsusiyyətdədir.


Uçucu xüsusiyyətə və qısamüddətli təsirə malik xəbərdarlıq feromonları əksər növdə eynidir. Hər hansı təhlükə anında, qarışqalarda bədənin qurtaracağındakı vəzlərdən, bal arılarında iynə vəzlərindən, bəzi digər böcək növlərində isə, ağız hissəsində yerləşən vəzlərdən feromon ifraz olunar. Qarışqalar xəbərdarlıq feromonlarını hücum məqsədiylə toplanmaq üçün də ifraz edərlər. Feromon koloniya fərdlərinin bir yerə toplanmasını və çox sayda fərdin müdafiə əməliyyatına qoşulmasını təmin edər.


Məsələn, bəzi aphids növlərinin böcəklərin hücumuna məruz qaldıqları vaxt, ifraz etdikləri xəbərdarlıq feromonu, yaxınlıqda qidalanan digər yarpaq bitlərinin uzaqlaşmasına səbəb olar. Yarpaq bitləri, özlərinə həyəcan siqnalı verən bu kimyəvi ifrazatları antenalarının üzərindəki xüsusi bığcıqlar sayəsində qəbul edərlər.


Bundan savayı termitlər də qurduqları təpələrdə yarıq olduğunu gördükdə, həyəcan siqnalı verən bir qoxu yayaraq digər termitləri, dəliyi örtməyə və yuvanı hücumlardan qorumağa çağırarlar.


Bu ana qədər verilən nümunələrdə diqqətçəkən ortaq məqam, bütün canlıların öz növlərinə məxsus feromonun formulunu bilmələri və bu feromonla bildirilən əmri tam şəkildə yerinə yetirmələridir. Bir böcəyin müxtəlif kimyəvi maddələr arasından özünə lazım olan kimyəvi maddələri seçə bilməsi və bu maddənin formulunu tapa bilməsi, əlbəttə ki, üzərində düşünülməli məsələdir. Böcəklər bu mükəmməl işi necə bacararlar?


Bunun üçün əvvəla ifrazatın tərkibini bilməli, belə ki, onu analiz etməlidirlər. Analiz əməliyyatı üçünsə, lazımi təchizatla təmin olunmuş laboratoriyaya ehtiyac var, həmçinin bu mövzuda məlumat sahibi olmaq da lazımdır. Ancaq böcəklərin bədənlərində nə lazımi təchizatla təmin olunmuş laboratoriyalar, nə də başqa bir texniki avadanlıq var... Yenə də böyük müvəfəqqiyyətlə analiz işləri aparar və feromonlarla çatdırılmaq istənilən xəbərdarlıqları tam şəkildə anlayaraq lazımi əməliyyatları yerinə yetirərlər.


Bir insanın bunları edə bilməsi üçün, kimya mühəndisliyi ixtisası üzrə təhsil almalı və müəyyən təcrübəyə sahib olmalıdır. Amma böcəklərin nə təhsilə, nə də təcrübəyə ehtiyacları var. Onlar ifrazatların hansı məlumatı çatdırmaq istədiyini anlamaq üçün təhsil almağa ehtiyac duymazlar, çünki yarandıqları andan etibarən bu məlumatına sahibdirlər. Öz növləri ilə başqa növlərin ifrazatlarını bir-biriylə qarışdırmazlar (təqlid edilərək aldadılanlar istisna olmaqla), çünki onları, bu feromonları analiz etmələrini təmin edəcək sistemlə birlikdə Uca Allah yaratmışdır.


Allah Yusif surəsindəki ayələrdə göylərdə və yerdə yaratdıqlarına diqqət çəkir və belə buyurur:

 

Göylərdə və yerdə neçə-neçə dəlillər vardır ki, insanların çoxu onların yanından üz çevirib keçirlər. Onların çoxu ancaq şərik qoşar və Allaha iman gətirməzlər. (Yusif surəsi, 105-106)

Geri